Dənli bitkilərin səpin müddəti

Payızlıq dənli bitkilərdən yüksək və sabit məhsul almaq üçün ən mühüm aqrotexniki tədbirlərdən biri səpin müddətidir. Aparılan aqrotexniki tədbirlərdən heç biri bitkilərin böyüməsi və inkişafına səpin müddəti qədər təsir göstərə bilmir.

Toxumun payızda vaxtında əkilməsi bitkilərin güclü və yaxşı inkişaf etməsinə səbəb olur. Nəticədə bitkilərin qışın şaxtasına davamlılığı artır.

Səpin müddətinə əməl etməyin önəmi

Payızlıq bitkilərin xəstəliklərə tutulması, zərərvericilərlə zədələnməsi və dənin yetişmə vaxtı da səpin müddətindən asılıdır. Ona görə də respublikamızda payızlıq dənli bitkilər əkilən zonaların hər birində səpin əlverişli müddətdə və 6-8 iş günü ərzində başa çatdırılmalıdır.

Torpağın səpinqabağı becərilməsi haqda oxumaq üçün bu keçidə daxil olun.

Əlverişli müddətdə səpilmiş sahələrdə bitkilər şaxtalar düşənə kimi güclü rüşeym və yan kökləri əmələ gətirir, möhkəmlənir və kollanır. Belə bitkilər qışın əlverişsiz şəraitlərinə davam gətirə bilir.

səpin müddəti

Gecikmiş səpinin fəsadları

Gecikmiş səpinlərdə isə cücərtilər payızda kollana bilmir və zəif halda qışlamaya başlayır. Payızda zəif kök atmış bitkilər isə qışa az davamlı olur, onların çoxunu şaxta tələf edir və nəticədə əkinlərdə seyrəklik əmələ gəlir.

Vaxtından əvvəl səpinin fəsadları

Toxumların vaxtından qabaq səpilməsi taxılların böyümə və inkişafına lazım olan şəraiti yaratmır. Belə tez əkilmiş taxıl sahələri pas xəstəliklərinə tez tutulur, Hesse və İsveç milçəkləri və digər zərərvericilər ilə çox zədələnir.

Tez əkilmiş sahələrdə bitkilər inkişaf edir, boruya çıxır və hətta sünbülləyir. Qışda şaxtanın təsirindən belə bitkilərin çoxu məhv olur.

Əlverişli səpin müddətləri

Respublikamızın ayrı-ayrı zonalarında payızlıq dənli bitkilər üçün aşağıdakı əlverişli səpin müddətləri müəyyən edilmişdir:

  • Aran suvarma zonalarında oktyabrın 15-dən 25-ə qədər;
  • Bu zonanın rütubətlə təmin olunmuş dəmyə rayonlarında isə oktyabrın 10-dan 20-ə qədər;
  • Dağətəyi zonanın rütubətlə təmin olunmayan dəmyə rayonlarında sentyabrın 20-dən oktyabrın 5-ə qədər;
  • Dağlıq zonada isə avqustun 20-dən sentyabrın 10-a qədər aparılmalıdır.

səpin normaları

Taxılın səpindən sonra suvarılması haqda ətraflı oxuyun

Dənli bitkilərin səpin normaları

Əkinçilikdə çox vacib sayılan səpin norması aşağıda qeyd olunanlardan asılı olaraq xeyli dəyişə bilər:

  • Sələflərdən (özündən əvvəl əkilən bitki);
  • Torpağın münbitliyindən;
  • Sahənin gübrələnmə dərəcəsindən;
  • Səpin müddətindən;
  • Sortların bioloji xüsusiyyətlərindən;
  • 1000 dənin kütləsindən;
  • Toxumun təmizliyindən;
  • Toxumun cücərdilməsindən;
  • Səpin üsulu və digər amillərdən.

Qeyd olunan amillər nəzərə alınaraq səpin norması bir hektar sahə üçün nə yüksək, nə də aşağı götürülməlidir.

Taxıl becərilməsinin 6 önəmli mərhələsi haqda BURADAN OXUYA BİLƏRSİNİZ

Normadan az səpin

Səpin aşağı norma ilə aparılarsa, sahədə bitkilər seyrək olur, alaqların inkişafı üçün əlverişli şərait yaranır, nəticədə məhsuldarlıq aşağı düşür.

Normadan çox səpin

Digər halda səpin norması çox götürüləndə sahədə bitkilər sıx olur, bir-birini kölgələndirir, torpaqda su, qida maddələri çatışmır və yenə də məhsuldarlıq aşağı düşür. Ona görə də səpin normasının müəyyən edilməsi vacib şərtdir.

Bir çox hallarda fermerlər bir hektar üçün səpin normasını standart (hər il eyni çəkidə, məsələn, 220 kiloqram) qaydada müəyyənləşdirirlər. Bəzən fermerlər yuxarıda qeyd olunan amilləri nəzərə almadan səpin aparırlar ki, bu da nəticədə məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

dənli bitkilərin səpin müddəti və səpin normaları

Səpin normalarının təyini

Hazırda dənli bitkilərin səpin normaları çəki ilə (məsələn, 200 kiloqram hektara) və ya hər hektara səpilən toxumların sayı ilə təyin edilir.

Azərbaycan Respublikasında suvarılan torpaqlarda bir hektar yumşaq buğda sortlarının səpin norması bir hektar sahəyə 4.5-5.0 milyon ədəd, bərk buğda sortlarında isə 3.5-4.0 milyon cücərdilən toxum götürülür.

Əgər əkin gec aparılırsa, bu sayın üzərinə əlavə 10 faiz gəlmək lazımdır.

Toxum seçimi zamanı nələrə diqqət etməliyik?

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon