Ana təbiət kainatın yaradılışından bu günə qədər canlılar aləmi üçün həyat mənbəyidir. Qayaların üzərində məskən salan mamırlardan tutmuş müxtəlif bitkilərin, heyvanların yaşadığı meşələrə qədər hər bir canlı üzv bir-biri ilə sistemli həyat xəritəsi yaradaraq özünəməxsus harmoniya təşkil edir. Yəni, ətrafımızda gördüyümüz bütün canlılar aləminin və bitkilərin həyat sistematikası bir-birindən asılıdır desək yanılmarıq. Bunlar arasında müxtəlif bitki, meşə örtüklərinin həyatımız üçün vacib element olan oksigen mənbəyi olmasını xüsusi qeyd edə bilərik. Dünyada oksigensiz yaşaya bilən canlıya rast gəlmək mümkün deyil. Məhz bunun nəticəsidir ki, yaşadığımız evlərin, binaların, təhsil aldığımız məktəblərin, universitetlərin, işlədiyimiz ofislərin, şirkətlərin və bir çox məkanların ətrafında yaşıllıq ərazilərinin salınmasına xüsusi diqqət ayrılır. Həyat mənbəyimiz olan oksigenin də məhz yaşıl bitkilərin sayəsində formalaşdığını nəzərə alsaq bu məsələnin vacibliyini unutmaq olmaz. Günümüzdə şəhərlərdə, rayonlarda və s. kimi yerlərdə ağaclar, müxtəlif bitkilərlə yanaşı yaşıl örtük sahələrini çoxaltmaq üçün qazonlardan da istifadə olunur. Odur ki, bu dəfəki məqaləmizdə qazon nədir?, qazonların əkilməsi prosesi, qazon toxumu növləri, qazon toxumu üçün gübrələr, qazon satışı kimi mövzulara toxunacağıq.
Qazon nədir?
Qazonlar yaşayış yerlərinin, ictimai məkanların ətrafında, bağ, park, stadion və xiyabanlarda, eləcə də bir çox ərazilərdə istirahət, estetik və s. məqsədlə çəmən bitkilərinin yetişdirilməsi sayəsində salınan ot sahəsidir. Qazon əsasən ot örtüyündən ibarət olsa da, çəmənliklər əksərən göz oxşayan digər çiçək, kol, ağac və s. kimi elementləri də özündə birləşdirir. Qazon sahələri ilin istənilən fəslində ərazilərin çəmənliklərlə əhatələnməsini təmin edərək insanlara rəngarəng müsbət enerji ötürür. Öncədən başqa bir ərazidə yetişdirilən ot örtükləri təmizlənmiş torpaq ərazilərinə tətbiq olunur. Qazonu təşkil edən ot örtüyünün müxtəlif növləri mövcuddur.
Sərin mövsümlərin qazon örtüyü: Bu qazon çeşidinə aid ot növləri mülayim temperaturlu sərin iqlimlərdə inkişaf edir. Sözügedən mövsümə məxsus otlara “Poa pratensis”, “Fine Fescue”, “Perennial Ryegrass”, “Tall Fescue” və s. daxildir.
İsti mövsümlərin qazon örtüyü: Buraya daxil olan ot növləri isti və rütubətli iqlimlər üçün xarakterikdir. “Bermud otu”, “Zoysia otu”, “Müqəddəs Avqustin otu” və “Qırxayaq otu” məşhur nümayəndələrindəndir.
Bütün mövsümlərə uyğunlaşan qazon örütyü: Bu ot örtüyü həm soyuq qışı, həm də isti yayı olan ərazilər üçün xarakterikdir. Bu növün nümayəndələrindən olan “Kentucky Bluegrass” və “Tall Fescue” kimi otlar müxtəlif temperaturlara asanlıqla uyğunlaşa bilirlər.
Təbii çəmənliklər: Təbii şəkildə inkişaf edən çəmən əraziləri digərləri ilə müqayisədə daha az qulluq tələb edir. Buraya “camış otu”, “mavi qrama otu” və s. daxildir.
Qazon əkilməsi prosesi necə həyata keçirilir?
Açıq sahələri valehedici yaşıl ərazilərə çevirmək üçün qazonların düzgün əkilmə prosedurlarını yaxından izləmək vacibdir. Bütün bitkilərdə olduğu kimi hər bir ot növünün də özünəməxsus yetişdirilmə formaları, qulluq qaydaları mövcuddur. Ümumi olaraq bütün əkin prosedurlarının ilkin mərhələsi düzgün planlama işlərindən başlayır. Belə ki, istədiyimiz formada qazon örtüyünün əldə olunması üçün ilk məqamda mərhələlərin planlı şəkildə icra olunmasına çalışmaq lazımdır. İlkin olaraq çəmən sahəsinin əkilmə qanunauyğunluqlarına nəzər salaq.
1. Düzgün ot növünün seçilməsi
Bölgənin iqliminə, torpaq tərkibinə və təyinata uyğun olan ot növünü seçmək vacibdir.
2. Sahənin ölçüsünün müəyyənləşdirilməsi
Çəmənliyin salınacağı ərazinin ölçüsünün müəyyənləşdirilməsi vacib məqamlardandır. Bu, zəruri olan toxum və ya çəmən ərazisinin ölçüsünü hesablamağa kömək edəcək.
3. Torpağın əkin üçün hazırlanması
Qazon əkilməsi prosesi zamanı torpaq ərazisinin pH səviyyəsi və qida elementlərinin hansı səviyyədə təşkil olunmasına dair tərkibi yoxlanılmalıdır. Seçdiyiniz ot növünə uyğun optimal böyümə şəraiti yaratmaq üçün ehtiyac varsa torpağı münbitləşdirmək lazımdır.
4. Toxum seçimi
Çəmənliklərin salınması zamanı bütün prosedurlarla yanaşı düzgün toxum növlərinin seçilməsi öz aktuallığını qoruyur. Çəmən sahəsinin salındığı ərazinin iqliminə, torpaq tipinə uyğun yüksək keyfiyyətli ot toxumu seçmək önəmlidir. Eyni zamanda toxumun qablaşdırılmasında tövsiyə olunan səpilmə formasına diqqət yetirməyi unutmaq olmaz. Gəlin, bütün dünyada ən çox tətbiq olunan çəmən ot növləri ilə yaxından tanış olaq.
Qazon toxumu növləri hansılardır?
Qazon toxumu istifadə olunduqları zonallıqlara, istifadə məqsədlərinə görə müxtəlif növlərə ayrılır. Ən çox bilinən və istifadə olunan qazon toxumu növləri aşağıdakılardır:
1. Kentucky Bluegrass (Poa pratensis)
“Kentucky Bluegrass” incəliyi və yaşıl rəngin füsunkar tonuna sahib olması ilə tanınan ənənəvi ot bitkilərindən biridir. Tətbiq olunduğu ərazilərdə sıx ot xalçası yaradan bu növün nəqliyyatın çox olduğu ərazilər üçün mükəmməl seçim olduğu məlumdur. Əsas xüsusiyyətlərinə isə aşağıdakılar daxildir:
- Soyuq iqlimlər üçün xarakterikdir.
- Davamlı olaarq suvarılması tələb olunur. Lakin quraqlığa bəzi digər otlardan daha yaxşı tab gətirə bilir.
- Müntəzəm olaraq biçilməsi və gübrələnməsi vacibdir.
2. Barmaqvari çayır (Cynodon dactylon)
Barmaqvari çayır isti iqlimlərdə əsasən bütün növ torpaq tiplərində əksərən isə, şoran torpaqlarda geniş şəkildə becərilir. Əsas xüsusiyyətlərinə isə aşağıdakılar daxildir:
- Quraqlığa davamlıdır.
- İsti aylarda tez böyüyür.
- Tez-tez biçilməsi və düzgün şəkildə suvarılması vacibdir.
3. Zoysia otu (Zoysia spp.)
Qazon toxumu növləri arasında “Zoysia otu”nu seçməklə bənzərsiz zümrüd yaşıl rəngə bürünən çəmən sahələrinə sahib ola bilərsiniz. Bu ot növü isti iqlimli ot növləri arasında soyuğa ən davamlısıdır. Humusla zəngin torpaqda daha yaxşı inkişaf edir. Qolf meydançaları və çimərlik meydançaları üçün məşhur ot növü seçimidir. Əsas xüsusiyyətlərinə isə aşağıdakılar daxildir:
- Quraqlığa davamlıdır.
- Müxtəlif iqlimlərə daha tez uyğunlaşır.
- Digər otlarla müqayisədə minimum gübrələmə tələb edir.
4. Uzun çayır (Tall Fescue)
Çəmən sahələrinin məşhur ot növü seçimlərindən olan “Uzun çayır”ın həm də kənd təsərrüfatında bir çox sortlarından yem vasitəsi kimi istifadə edilir. pH səviyyəsi 5,5 və 7 arasında olan torpaqlarda daha yaxşı inkişaf edir. Quraqlığa və xəstəliklərə qarşı davamlılığı ilə seçilir. Əsas xüsusiyyətlərinə isə aşağıdakılar daxildir:
- Soyuğa davamlıdır.
- Ağac örtüyü olan ərazilər üçün əla seçimdir.
- Digər sərin mövsüm otları ilə müqayisədə daha az suvarma tələb edir.
5. Qırxayaqotu (Centipede grass)
İsti mövsümlər üçün uyğun olan bu ot növü sıx şəkildə yetişən çəmən sahələrini formalaşdırır. Mülayim iqlimlər üçün xarakterikdir. Yüksək dərəcədə dondurucu olmayan şaxtalar zamanı qəhvəyi rəngə çevrilsə də, temperatur yüksəldikcə yenidən yaşıl rəngə boyanır. Əsas xüsusiyyətlərinə isə aşağıdakılar daxildir:
- Gübrəyə olan təlabatı aşağıdır.
- Turşuluğu yüksək olan torpaqlarda yetişir.
- Quraqlığa qarşı dözümlülüyü zəifdir.
Geniş çeşidli toxumları gubre.az-dan əldə etməyə tələsin!
Toxum səpini
Toxumların bərabər şəkildə ərazi üzrə paylanmasına nəzarət etmək məqsədəuyğun hesab olunur. Çəmən toxumunu hazırlanmış torpağa yayıcı qurğu və ya əlinizlə bərabər şəkildə paylayın. Toxumların üzərini yüngülcə örtmək üçün torpağı yumşaq bir şəkildə dırmıqlayın. Toxumun lazımi səviyyədə torpağa təmasını təmin etmək üçün sahəni qazon çarxı ilə yuvarlayaraq buna nail olmaq mümkündür.
1. Suvarma
Toxum səpilən ərazini lazımi səviyyədə suvarmaq və çəmən formalaşana qədər torpağı daim nəm şəkildə saxlamaq lazımdır.
Yuxarıda qeyd olunan prosedurların hər birinə əməl etməklə tələb olunan qazon ərazilərinin əldə olunmaısna nail olmaq olar. Növbəti mərhələdə isə qazonların açıq ərazilərə, stadionlara, parklara və s. kimi yerlərə tətbiqi prosesi gəlir.
2. Biçin dövrü və qulluq
Otlar müvafiq hündürlüyə çatdıqda bu biçin dövrünün yaxınlaşdığından xəbər verir. Otbiçən qurğunu tövsiyə olunan hündürlüyə uyğun olaraq quraşdırın. Əksərən hündürlük ölçüsü 2.54 sm olaraq nəzərdə tutulur. Ümumi olaraq qeyd edək ki, müntəzəm şəkildə həyata keçirilən biçmə mərhələsi, havalandırma sağlam qazon sahəsi yaratmağınıza kömək edəcək. Bundan başqa çəmən sahəsinin salınmasından başlayaraq digər mərhələlərə qədər otların düzgün qidalanmasını həmçinin xəstəliklərə, iqlim dəyişkənliklərinə qarşı davamlılığını artırmaq üçün gübrə tətbiqindən də geniş istifadə olunur.
Qazon toxumu üçün gübrələr hansı meyarlara əsasən tətbiq olunur?
Əkinçilik ənənələrinə başlanıldığı zamandan bəri müasir dövrə qədər kənd təsərrüfatı sahələrində məhsuldarlığı artırmaq üçün müxtəlif növ gübrələrdən istifadə olunurdu. Əgər əvvəllər təbii yolla əldə olunan gübrələrdən istifadə olunurdusa zaman keçdikcə bir-birindən fərqli tərkibə malik bir çox gübrə çeşidləri yaranmağa başladı. Hansı ki, onların sayəsində bitkilərin məhsuldarlığını, xəstəliklərə, iqlim dəyişkənliklərinə qarşı müqavimətini artırmaq mümkündür. Bütün bitkilərdə olduğu kimi çəmən sahələri üçün də müxtəlif növ gübrələrdən istifadə olunur. Zərərvericilərə, alaq otlarına qarşı mübarizə apararaq və ya bir çox xəstəliklərə qarşı davamlılığı artıraraq effektivliyi yüksəldir. Qeyd etdiyimiz kimi qazon sahələri gündəlik həyat tərzimizdə özünəməxsus yer aldığı üçün, çəmən sahələrinin salınması zamanı müvafiq gübrələrin tətbiqi məqsədəuyğundur. Bəs gəlin görək, hansı növ gübrələrin tətbiqi tövsiyə olunur?
Geniş çeşidə malik keyfiyyətli gübrələr-ə göz atın!
1. Ümumi gübrələnmə
İlk olaraq qeyd edək ki, təsərrüfatlarda, bağ sahələrində müxtəlif məqsədlər üçün tətbiq olunan gübrələr mineral və üzvi olmaqla iki yerə bölünür. Mineral gübrələr makro və mikrogübrələrdən ibarətdirlər. Azot (N), fosfor (P) və kalium (K) kimi mühüm elementləri özündə birləşdirən makrogübrələr kənd təsərrüfatında davamlı inkişafı stimullaşdıraraq, həmçinin, otlaq və əkin sahələrində torpaqların münbitliyinin qorunub saxlanmasını və yüksəldilməsini, məhsuldarlığın bol olmasını təmin edir. Qazon sahələri üçün də tətbiqi tövsiyə olunan bu gübrələnmə üsulu arzu olunan nəticənin əldə edilməsi istiqamətində böyük əhəmiyyətə malikdir. Ümumi gübrələnmə zamanı tətbiq formulu 20-10-10 və ya 15-15-15 formasında təşkil edir. Burada rəqəmlər hər bir qida maddəsinin faizini göstərir. Çox məqsədli gübrələr əksər ot növləri üçün uyğun olmaqla sürətli, sağlam inkişafı, keyfiyyətin yüksək olmasını təmin edir. Vacib məqamlardan birini vurğulamaq yerinə dşüər ki, gübrə torpağa yox, bitkilər üçün tətbiq olunur. Bu səbəbdən də, istifadə olunan azot, fosfor və kalium gübrələrinin tərkibindəki təsiredici maddələrin (N, P2O5, K2O) nisbəti becərilən bitkinin tələbatına uyğun olmalıdır. Əks halda gübrələnmə prosesinin nəticələri bir o qədər də ürəkaçan olmur.
2. Azotlu gübrələr
Bitkilərin qidalanmasında böyük rol oynayan azot xüsusi ilə bitkilərdə yaşıl kütlənin formalaşmasını təmin edən aparıcı qüvvələrdən biridir. Azotun suvarma və yağış suları vasitəsi ilə aşağı qatlara, yəni əsas kök sisteminin inkişaf etdiyi qatlara yuyula bilməsi onun əsas üstünlüklərindəndir. Bitkilərə azot gübrəsinin illik normasının 20-30 faizi səpinqabağı, yaxud səpinlə birlikdə, 70-80 faizi isə vegetasiya müddətində yemləmə şəklində verilir.
3. Fosforlu gübrələr
Qazon toxumu üçün gübrələr arasında seçim edərkən bitkilərdə məhsuldarlığı artırmaq üçün fosfor gübrəsinin tətbiqi tövsiyə olunur. Eyni zamanda fosfor şəkərli bitkilərdə şəkəri, yağlı bitkilərdə yağı, lifli bitkilərdə lif çıxımını artırmaqla məhsulun keyfiyyətini də yüksəldir. Nəzərə almaq lazımdır ki, ölkəmizdə torpaq sahələri karbonatlıdır. Bunun sayəsində isə fosfor birləşmələri torpaqda dəmir, alüminium və s.-lə birləşərək çətin həll olan formaya keçid edir. Müvafiq problemin qarşısını alaraq fosfor gübrələrinin səmərəliliyini artırmaq üçün isə onların əsas gübrə kimi dərin şum altına verilməsi lazımdır. Bundan başqa illik dozanın aşıldığı zaman fosfor gübrəsinin bir hissəsini əsas gübrə kimi şum altına, qalan hissəsini səpinlə birlikdə və vegetasiya müddətində otlağa yemləmə formasında vermək tövsiyə olunur.
4. Kaliumlu gübrələr
Kalium gübrəsi bitkilərdə stresə və müəyyən xəstəliklərə qarşı müqaviməti gücləndirir. Bitkidə saxarozanın, yağların, nişastanın sintezini gücləndirir. Fosfor gübrəsində olduğu kimi kalium gübrəsi də, dərin şum altına tətbiq edilir. Ümumi olaraq, illik normanın yarısını əsas gübrə kimi şum altına, qalan hissəsini isə vegetasiya müddətində yemləmə şəklində vermək tövsiyə olunur.
5. Üzvi gübrələr
Torpağın münbitliyinin artırılmasında, bitkilərin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsində üzvi gübrələrdən, əksərən peyindən istifadə olunur. Eyni zamanda üzvi gübrələrə peyin, peyin şirəsi, quş zılı, kompostlar, şəhərin üzvi tullantıları, yaşıl gübrələr (sideratlar) və s. aiddir. Bundan başqa bütün dünyada kənd təsərrüfatlarında geniş istifadə olunan və ekoloji təmiz olması ilə tanınan ən yaxşı üzvi gübrələrdən biri də biohumusdur. Biohumus peyinə nisbətən daha üstün üzvi gübrə hesab edilir. Belə ki, bioloji əhəmiyyətinə görə 1 ton biohumus 10-15 ton təzə peyinə bərabərdir. Müvafiq qeydləri nəzərə alaraq, çəmən sahələri üçün üzvi gübrələri tətbiq edərək effektiv nəticəyə nail olmaq mümkündür.
6. Maye gübrələr
Maye gübrələr suda həll olunduğu üçün çiləmə yolu ilə və ya suvarma sistemləri sayəsində bitkilərə tətbiq olunur. Bitki orqanizminə tez sovrulduğu üçün, həmçinin, dənəvər gübrələrə əlavə olaraq istifadə olunur.
7. Xüsusi gübrələr
Otlaq sahələri fərqli ərazilərdə müxtəlif məqsədlər üçün istifadə edildiyinə görə, bəzi otların qidalanma tələbləri dəyişə bilər. Məsələn, qolf ərazilərinin ot sahələri üçün xüsusi tərkiblərə sahib, qarışıqlarla hazırlanan gübrələr tətbiq edilir. Ancaq eyni gübrəni park ərazilərində salınan qazon sahələri üçün istifadə etmək effektiv olmaya bilər.
Ümumi olaraq qeyd edək ki, qazon sahələri üçün gübrə seçməzdən əvvəl qida çatışmazlığını və pH səviyyəsini müəyyən etmək üçün torpaq testi aparmaq vacibdir. Bu, həddindən artıq gübrələmə və ya qida balansının pozulma riskini minimuma endirməklə yanaşı, sağlam ot böyüməsini təşviq etmək üçün tələb olunan gübrə növü və tətbiq nisbətləri haqqında düzgün qərarlar qəbul etməyə kömək edəcək. Bundan əlavə, nəticənin səmərəli olması üçün daim istifadə qaydalarına və təlimatlarına diqqət yetirmək mütləqdir.
Qazon satışı üçün hansı məlumatları bilmək lazımdır?
İstirahət etməkdən, dostlarımızla futbol, qolf oynamaqdan, bəzən at sürməkdən doymadığımız, estetik gözəlliyindən gözümüzü çəkə bilmədiyimiz və digər məqsədlər üçün istifadə olunan bütün qazon sahələri təbiətin bir parçası olmaqla yanaşı öz-özlüyündə biznes sahələrindən biridir. Bu işlə məşğul olan sahibkarlar ətraf mühitə canlılıq qataraq bir növ öz maliyyə ehtiyaclarını qarşılayır. Eyni zamanda əlavə gəlir qazanmaq istəyən təsərrüfat, həyətyanı sahə sahibləri üçün də əlverişli qazanc yollarından biridir. Ot sahələrinin satışı hazırda məşhur seçimlərdən olmasa da, düzgün biznes planlaması sayəsində əlverişli gəlir mənbəyinə çevrilə bilər.
Bəs qazon satışı üçün hansı məqamlara xüsusi diqqət yetirmək vacibdir?
1. Düzgün ot seçimi
Qazon sahəsinin salınmağa başlamasından öncə ərazinin torpaq tərkibi, iqlim şərtləri kimi və ya digər səbəblərdən dolayı düzgün ot növü seçiminə xüsusi diqqət yetirmək vacibdir. Çünkü yetişdirildikdən sonra məhsul sahəsinin satışı bu məsələ ilə birbaşa bağlıdır. Toxum çeşidlərinin hər birinin unikal özəlliklərini nəzərə almaq da vacibdir.
2. Keyfiyyətə nəzarət
Məhsuldar və yüksək keyfiyyətli çəmən sahələri üçün hər bir prosedur nəzarətdə saxlanılmalıdır. Buraya toxum seçimindən, səpinindən tutmuş düzgün suvarma, gübrələmə, zərərvericilərə qarşı mübarizə, biçin və s. kimi mərhələlər daxildir. İlkin mərhələdə torpağın pH səviyyəsi müəyyənləşdirilməli, bölgədə geniş yayılmış çəmən xəstəliklərini araşdıraraq buna uyğun tədbirlər planı həyata keçirilməlidir. Bütün bunlar ümumilikdə məhsulun bol və yüksək keyfiyyətli olmasını təmin edir.
Zərərvericilərə və xəstəliklərə qarşı bitki mühafizə vasitələrini əldə etməyə tələsin!
3. Keyfiyyət təminatı
Qazon satışı üzrə işlərə başlamazdan öncə çəmənlik rulonlarını hərtərəfli yoxlayaraq, onların keyfiyyətini, zərərvericilərdən və alaq otlarından təmizləndiyini yoxlayın.
4. Qiymət strategiyası
Məhsulunuzun keyfiyyətinə uyğun müvafiq qiymət səviyyəsini müəyyənləşdirin. Eyni zamanda rəqibləri araşdırmaq, həmçinin lazımi məqamlarda endirim kampaniyaları təşkil etmək tövsiyə olunur.
5. Reklam və marketinq prosesi
Günümüzdə bütün biznes sahələrinin inkişaf hədəfləri reklam strategiyasının əsasında formalaşır. Müştərilərinizin kateqoriyalarından asılı olaraq marketinq strategiyanızı buna uyğun tərtib edin. Məhsullarınızı nümayiş etdirmək üçün veb sayt yaratmaq və ya sosial mediadan istifadə etmək effektiv olacaqdır. Eyni zamanda yüksək keyfiyyətli şəkillər, ətraflı məlumatlar, qiymətləri, potensial alıcılar arasında etibar yarada biləcək müsbət müştəri rəylərini paylaşmaq tövsiyə olunur.
6. Müştəri xidmətləri
Satış komandanızın çəmənlik növləri haqqında məlumatlı olmasından və müştərilərə təlimat verə bilməsindən əmin olun. Telefon, e-poçt və ya sosial media vasitəsilə gələn sorğuların zamanında cavablandırılmasını təmin edin.
Qazon toxumu qiymətləri hansı aralıqda dəyişir?
Ölkəmizdə qazon toxumlarını və qazon satışını həyata keçirən müxtəlif sahibkarlar və şirkətlər mövcuddur. Əkilən toxum növündən, məhsulun keyfiyyətindən və digər səbəblərdən asılı olaraq qiymət səviyyəsi minimum halda 1 qazon rulonu üçün 1 manatdan başlayaraq dəyişir. Qazon toxumu qiyməti isə onun növündən, məhsuldarlığından, idxal olunduğu ölkədən və s. kimi səbəblərdən dolayı müxtəlif aralıqlarında təqim olunur.
Azərbaycanda gubre.az ölkəmizin iqlim şəraitinə və torpaq növünə uyğun olan yüksək keyfiyyətli qazon toxumu çeşidlərini bölgələrimizdə 200-dən çox satış nöqtəsində müştərilərə təqdim edir. Eyni zamanda gubre.az qazon, yonca və digər növ çoxillik otlaq toxumlarının sahələrə pulsuz çatdırılmasını da həyata keçirir. Müvafiq məhsulları saytda qeydiyyatdan keçərək onlayn şəkildə və ya 828 qısa nömrəsinə zəng edərək sifariş vermək mümkündür.
Qeyd edək ki, fermerlər gubre.az-ın bütün satış nöqtələrindən toxum, gübrə, bitki mühafizə vasitələrini, eləcə də, digər kənd təsərrüfatı məhsullarını və avadanlıqlarını “Fermer kartı” vasitəsi ilə də əldə edə bilərlər.